CƏMİYYƏT
Sumqayıtın 70 illiyinə həsr olunan mini-futbol yarışı keçirilib
Bakı, 2 sentyabr, AZƏRTAC
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə müxtəlif sahələri təmsil edən gənc könüllülər arasında mini-futbоl yarışı keçirilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarış gənclik şəhərinin 70 illiyinə həsr olunub.
Mehdi Hüseynzadə adına şəhər stadionunun süni ot örtüklü futbol meydançasında keçirilən yarışdan əvvəl Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənc nəslə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, yarışın keçirilməsində başlıca məqsəd gənclərin hərtərəfli inkişafına nail olunması, onların sağlamlıqlarının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili və fiziki potensialının üzə çıxarılmasıdır.
Yarışda müxtəlif sahələri təmsil edən gənclər təşkilatları qalib adı uğrunda mübarizə aparıblar. Yekun nəticəyə əsasən Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi I və II, “Gənclər klubu”nun “Zirvə” komandası III yeri tutub. Qalib komandalara Baş İdarənin kubok, medal, fəxri fərman və hədiyyələri təqdim edilib.