REGİONLAR
Sumqayıtın “Segah” muğam qrupu Türkiyədən qastrol səfərindən qayıdıb
Sumqayıt, 6 iyun, AZƏRTAC
Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin “Segah” muğam qrupu Türkiyənin Keçiörən bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən VIII Beynəlxalq Ramazan bayramında müvəffəqiyyətlə çıxış edib. Qrupun rəhbəri tarzən Elnur Əliyev, kaman ifaçısı Fərid Mehdiyev, nağara ifaçısı Elnur Əliyev, solist Könül Əmirəliyeva tədbirdə öz ifaları ilə seçiliblər.
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC–a bildirilib ki, qrup “Azərbaycan evində” təşkil olunmuş tədbirdə xalq mahnıları ilə çıxış edib. Könül Əmirəliyevanın ifasında səslənən “Qarabağ” şikəstəsi alqışlarla qarşılanıb.
Şənliklərə Ankara valisi Mustafa Ak, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri, türkiyəli deputatlar da qatılıblar.
Qastrol səfəri çərçivəsində qrup üzvləri Türkiyə Böyük Millət Məclisində deputatlarla görüşüb, “Azərbaycan” meydanını, “Xocalı” abidəsini ziyarət ediblər.
Daha bir tədbir isə Ankaranın Pursaqlar bələdiyyəsi tərəfindən təşkil olunub. Belə ki, şair Zəlimxan Yaqubun xatirəsinə həsr olunan, Pursaqlar bələdiyyəsi və Avrasiya İqtisadi Münasibətlər təşkilatı tərəfindən keçirilən “Ozanların və şairlərin dilindən Türkiyə-Azərbaycan qardaşlığı” tədbirində N.Nərimanov adına Mədəniyyət Mərkəzinin “Pöhrə” aşıqlar ansamblının rəhbəri Elməddin Məmmədli “Ruhani”, “Baş müxəmməs” havaları ifa edib.
Qeyd edək ki, N.Nərimanov adına Mədəniyyət Mərkəzinin “Rövşən” ritm qrupu iyunun 19-dan 25-dək Rusiyanın Samara şəhərində keçiriləcək 14-cü Beynəlxalq ritm festivalına qatılacaq.