MƏDƏNİYYƏT
Sumqayıtın www.xeberle.com xəbər portalı bir yaşını qeyd etmişdir
Sumqayıt, 29 iyun (AZƏRTAC). Sumqayıtın www.xeberle.com xəbər portalının fəaliyyətə başlamasından bir il ötür. Şəhərdə fəaliyyət göstərən üç gənc jurnalist - Ramil Zeynallı, Elnur Ağayev və Kamal Almuradlının birgə yaratdıqları bu xəbər portalı qısa müddətdə çevik, dəqiq və etibarlı informasiya mənbəyi kimi özünü təsdiqləyə bilmişdir.
AZƏRTAC xəbər verir ki, www.xeberle.com xəbər portalının bir yaşı münasibətilə keçirilən tədbirdə tanınmış ziyalılar, idarə və müəssisə rəhbərləri, KİV nümayəndələri, QHT rəhbərləri, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.
Portalın təsisçiləri öz işlərindən və məqsədlərindən, tərəfdaşlarından, həmçinin yeni ideyalarından və perspektivlərdən söz açmışlar.
Şəhərin qocaman media nümayəndəsi, Əməkdar Jurnalist, “Sumqayıt” qəzetinin baş redaktoru Qüdrət Məlikov, tanınmış media mütəxəssisi, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, “Azərikimya” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Rəhman Orxan, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Gülsel Səfərova və başqaları çıxış edərək portalın kollektivinə təbriklərini və ürək sözlərini çatdırmış, onların fəaliyyətini yüksək qiymətləndirmişlər.
Qeyd olunmuşdur ki, əsas məqsədi Sumqayıt şəhərinin ictimai, siyasi, sosial və mədəni həyatında baş verən hadisə və yenilikləri, aktual problemləri təqdim etməkdən ibarət olan portal ölkədə, regionda və dünyada baş verən ən mühüm xəbərlərə də mütəmadi yer ayırır. Gündəlik xəbər yayımı ilə bərabər, müxtəlif video və fotoreportajlar, araşdırmalar, müsahibələr, sosioloji rəy sorğuları, siyasətdən şou-biznesə, idmandan texnologiyalara qədər istənilən mövzuda materiallar təqdim edir. Təsadüfi deyildir ki, portal artıq Sumqayıtın media həyatında mühüm yer tutur.
Maraqlı söhbət və ünsiyyətlə, şən əhval-ruhiyyədə keçən tədbir gənc ifaçıların təqdimatında musiqili proqramla davam etmişdir.