CƏMİYYƏT
Şura sədri “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşova Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı təqdim edilib.
Mədəniyyət və Turizm Nazirliyində keçirilən tədbirdə nazir Əbülfəs Qarayev Şura sədrini 60 yaşının tamam olması münasibətilə təbrik edib. Bildirib ki, Mətbuat Şurası mətbuat orqanları ilə əməkdaşlığa hər zaman böyük önəm verir, mədəni irsimizin, incəsənətimizin, ölkəmizin turizm imkanlarının təbliğində, dünyaya tanıdılmasında medianın rolunu yüksək qiymətləndirir. Ə.Amaşov 14 ildir Mətbuat Şurasının sədri olaraq milli mətbuata, azad sözün, fikir plüralizminin daha da möhkəmləndirilməsinə töhfə verir.
Nazir bildirib ki, Ə.Amaşovun Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi fəaliyyəti də məmnunluq doğurur.
Əbülfəs Qarayev ölkə mədəniyyətinin təbliği sahəsində xidmətlərinə görə Əflatun Amaşova Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanını təqdim edib.
Mətbuat Şurasının sədri Mədəniyyət və Turizm Nazirliyinin kollektivinə minnətdarlığını bildirib.
Görüşdə Gürcüstanın müxtəlif bölgələrində Azərbaycanın mədəni irsini yaşadan abidələr, muzeylər ətrafında fikir mübadiləsi aparılıb, problemlərin aradan qaldırılmasının mümkün yolları müəyyənləşdirilib.