CƏMİYYƏT
Suraxanı rayonundakı uşaq evində bayram tədbiri keçirilib
Bakı, 27 dekabr, AZƏRTAC
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə rayonun Yeni Günəşli “D” yaşayış sahəsindəki 2 nömrəli uşaq evində bayram tədbiri keçirilib. Bu barədə AZƏRTAC-a Suraxanı Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qarşıdan gələn bayram münasibətilə uşaqları təbrik edib, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan danışıb. Vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində, o cümlədən 2 saylı uşaq evində olur, balacaların gündəlik qayğıları, təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanır və onlara dəstək olurlar.
Uşaq evinin müdiri Sevda Hacıyeva uşaqlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Şənlikdə uşaqlar arasında müxtəlif yarışlar təşkil olunub və onlara rayon icra hakimiyyəti başçısının bayram hədiyyələri paylanıb.
Sonda rayonun Səttar Bəhlulzadə və Qurban Abbasov adına mədəniyyət saraylarının bədii kollektivlərinin uşaqlar üçün hazırladıqları bayram konserti, Şaxta babanın, Qar qızın maraqlı söhbətləri fidan balaların sevincinə sevinc qatıb.