İQTİSADİYYAT
Suraxanı rayonunun Bülbülə qəsəbəsinin bir küçəsi təmir edilib VİDEO
Bakı, 25 iyun, AZƏRTAC
“Azəravtoyol” ASC tərəfindən Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsinin Ramiz Qarayev küçəsinin təmiri başa çatıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən küçənin uzunluğu 650 metr, eni isə 7,5 metrdir. Ümumilikdə küçə boyu 4900 kvadratmetr ərazinin asfaltlanması işləri aparılıb.
Hazırda Hövsan qəsəbəsinin uzunluğu 2100 metr, eni isə 7 metr olan Bağça küçəsində də təmir işləri davam etdirilir.
Küçədə yolun hərəkət hissəsinin sıradan çıxmış vəziyyətdə olması avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Normal hərəkətin təşkil edilməsi məqsədilə küçənin təmir edilməsinə başlanılıb.
Təmir işləri çərçivəsində küçənin qabarmış və dağılmış asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb. Həmçinin 4300 kvadratmetr ərazidə yol əsasının yararsız qruntu çıxarılıb, əvəzinə isə karbonat materialı tökülərək kipləşdirilib. Daha sonra yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib.
Hazırda küçənin asfaltlanması istiqamətində işlərə başlanılıb. Ümumilikdə küçənin 15 min kvadratmetr ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.