CƏMİYYƏT
Suraxanıda Vətən müharibəsi şəhidinin ailəsi ziyarət edilib
Bakı, 1 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının nümayəndələri Vətən müharibəsində şəhid olmuş və Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilən kiçik gizir Tamerlan Xankişi oğlu Süleymanovun doğum günündə əvvəlcə şəhidin məzarını, daha sonra isə ailəsini ziyarət edib və onun qayğıları ilə maraqlanıblar.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı təşkilatın sədri Vüqar Seyidov Vətən müharibəsində həyatlarını torpaqlarımızın azad olunması uğrunda qurban vermiş qəhrəmanlardan birinin Tamerlan Süleymanov olduğunu bildirib. O vurğulayıb ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq. Dövlətimizin başçısının şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır.
Şəhidin qardaşı Ruslan Süleymanov göstərilən diqqət və qayğıya görə ailə üzvləri adından minnətdarlığını bildirib.