REGİONLAR
Sursat anbarında baş vermiş partlayışla əlaqədar Xızı ərazisində aparılan təmizləmə işləri ilin sonunadək yekunlaşacaq VİDEO
Xızı, 7 noyabr, Elxan Yusifli, AZƏRTAC
Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ərazidə aparılan təmizləmə işləri ilin sonuna kimi tam yekunlaşacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyat üzrə mütəxəssisi İdris İsmayılov məlumat verib.
Mütəxəssis bildirib ki, hadisədən dərhal sonra aparılan tədqiqat işləri nəticəsində, ümumilikdə, 10 min hektar ərazidə partlamamış hərbi sursatla çirklənmənin olduğu müəyyənləşib. Altmış bir iş günü ərzində 6 min hektar ərazidə təmizləmə əməliyyatları başa çatdırılıb. İlkin olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, Bakı-Novorossiysk neft kəməri, Bakı-Rostov dəmir yolu və ərazidən keçən su kanalı və başqa əhəmiyyətli ərazilər təmizlənərək təhvil verilib. Daha sonra yaşayış məntəqələri, eləcə də əkin və otlaq sahələrində işlər yekunlaşdırılıb. İlin sonunadək qalan 4 min hektar sahədə də təmizləmə işləri başa çatdırılacaq.
ANAMA-nın mütəxəssisi qeyd edib ki, 6 min hektar ərazidə aparılan təmizləmə işləri nəticəsində 14 min 265 ədəd müxtəlif növ partlamamış hərbi sursat və 60 tona yaxın yandırma məhsulu aşkarlanaraq götürülüb.
Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Stalçay, Şurabad və Məşədihəsən kəndlərində yerli sakinlər arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.