MƏDƏNİYYƏT
“Şuşa İli”nə həsr edilmiş növbəti tədbir
Bakı, 14 may, AZƏRTAC
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Şuşa İli”nə həsr edilmiş tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycan xalqının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, Vətən müharibəsi iştirakçısı, “Qırmızı Ulduz” ordenli ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin “Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun şanlı qələbəsidir” adlı məruzəsi dinlənilib.
Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun anası Məleykə xanım, Bilal Qəmbərovun anası Gültəkin Qənbərova, şəhid baş leytenant Ceyhun Nəhmətovun atası Etiqad Nəhmətov, şəhid bacısı Həliməxanım Heybətova çıxış ediblər.
Daha sonra Vətən müharibəsi iştirakçıları Mübariz Yarməmmədov, Rəşad Məmişov və Nahid Əzizov keçdikləri döyüş yolundan danışıblar.
Eyni zamanda Xəzər rayon MKS-nin fəal oxucusu, aktyor Turğay Camal şəhid leytenant Teymur Məcidzadə haqqında danışaraq, şeir səsləndirib.
Sonda Sumqayıt Regional Mədəniyyət İdarəsi Bülbülcan adına Şuşa şəhər Musiqi Məktəbinin, Şuşa şəhər 5 nömrəli tam orta məktəbinin müəllim və şagirdləri çıxış edərək “Qarabağ şikəstəsi”ni səsləndiriblər.