ELM VƏ TƏHSİL
“Şuşa - Şərqin konservatoriyası” adlı hesabat konserti təqdim edilib
Bakı, 7 iyun, AZƏRTAC
İyunun 7-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Şuşa - Şərqin konservatoriyası” adlı hesabat konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, “Şuşa İli” çərçivəsində təşkil edilən konsertdə əvvəlcə Mərkəzin dərnək üzvlərinin ifasında Dövlət Himni səsləndirilib.
Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə məlumat verib. O bildirib ki, 40 ildən çox fəaliyyət göstərən mərkəzdə uşaqların bacarıq və istedadlarının inkişaf etdirilməsi və üzə çıxarılması, onların asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif dərnəklər də var. Mərkəz Bakının üç rayonunda fəaliyyət göstərir. 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri bir sıra respublika və beynəlxalq səviyyəli müsabiqə, sərgi, festival və digər tədbirlərdə uğur qazanıblar.
Diqqətə çatdırılıb ki, hər il ənənəvi olaraq tədris ilinin sonunda mərkəzdəki musiqi dərnəklərinin üzvləri müəllim və valideynləri qarşısında yekun-hesabat konsert proqramı ilə çıxış edirlər. Mərkəzin direktoru uşaqların “Şuşa İli” çərçivəsində təqdim olunan bugünkü konsertə böyük həvəslə hazırlaşdıqlarını və onların bir neçə gün əvvəl mədəniyyətimizin paytaxtına səfər etdiklərini deyib, iştirakçılara uğurlar arzulayıb.
Tədbirdə mərkəzin “Vokal”, “Tarçalanlar”, “Musiqisevərlər”, “Sazçalanlar”, “Mahnı teatrı”, “Nağaraçalanlar” dərnəklərinin üzvləri Qarabağa, Şuşaya həsr olunmuş mahnı və musiqi nömrələrindən ibarət konsert proqramı təqdim ediblər. Uşaqlar dahi bəstəkar Üzeyir Hacıbəyli və Qarabağın musiqi tarixində dərin iz buraxmış məşhur bəstəkarların əsərlərini səsləndiriblər.
Sonda tədbirin bütün iştirakçıları diplomla təltif olunub. Tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri, valideynlər və mərkəzin müəllimləri iştirak ediblər.