MƏDƏNİYYƏT


Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbinin 90 illik yubileyinə həsr olunan "Əziz Şuşa, sən azadsan!" adlı tədbir keçirilib

Bakı, 26 may, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə respublikamızın qocaman bədii təhsil məktəblərindən biri olan Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbinin 90 illik yubileyi təntənəli surətdə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, mərkəzin foyesində "Şuşa İli"nə həsr olunmuş rəsm sərgisi açılıb, məktəbin "Qaytağı ritm qrupu" və "Təbəssüm rəqs qrupu"nun ifaları gələn qonaqların diqqətini çəkib. Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükut anımı ilə başlayıb. Daha sonra təqdim edilən videoçarxda məktəbin 90 ildə keçdiyi yola, qazandığı uğurlara nəzər salınıb.

Videoçarxda qeyd olunub ki, məktəbin yarandığı ilk illərdə Əməkdar incəsənət xadimi Qəmbər Hüseynli, Əməkdar müəllim Fatma Zeynalova, professor Aleksey Raxmanov, Lətif Əliyev kimi müəllimlərin ixtisaslı musiqiçi kadrların hazırlanmasında böyük xidmətləri olub. O dövrün məşhur tarzəni Rəsul Əsədov bu təhsil ocağında şagirdləri – sonradan istedadlı tarzənlər kimi tanınmış İsi Abbasov, İmran Səfiyev, Aslan Qarasarova, görkəmli bəstəkarlar, SSRİ və Azərbaycan Respublikasının Xalq artistləri Süleyman Ələsgərov və Əşrəf Abbasova tar ifaçılığının sirlərini böyük həvəslə öyrədib. Dünya şöhrətli bəstəkar Arif Məlikov bir müddət Şuşa Musiqi Məktəbində müəllim kimi çalışıb.

1984-cü ildə görkəmli dirijor, bəstəkar, musiqi xadimi Niyazinin vəfatından sonra onun adını əbədiləşdirmək məqsədilə Azərbaycan SSRİ Nazirlər Kabinetinin müvafiq qərarı əsasında məktəbə Niyazinin adı verilib. Beləliklə 1984-cü ildən etibarən Şuşa şəhər Musiqi Məktəbi, Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbi kimi fəaliyyətini davam etdirir.

Yubiley mərasiminin rəsmi hissəsində mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Azərbaycan Respublikasının Xalq artistləri Ramiz Quliyev və Vamiq Məmmədəliyev çıxış ediblər.

Çıxış edənlər məktəbin kollektivinə yubiley münasibətilə təbriklərini çatdırıb, təhsil ocağının bundan sonra da yeni-yeni uğurlar qazanacağına əminliklərini ifadə ediblər. Ulu öndər Heydər Əliyevin Azərbaycanda musiqi təhsilinin inkişafına, istedadlı uşaq və gənclərin dəstəklənməsinə xüsusi diqqət və qayğısından danışaraq hazırda ölkəmizdə mədəniyyət sahəsinə göstərilən hərtərəfli diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Daha sonra Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbinin 90 illik yubileyi münasibətilə və gənc nəslin estetik tərbiyəsində səmərəli fəaliyyətinə görə məktəbin direktoru Anar Əlizadəyə Mədəniyyət Nazirliyinin və Şuşa Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

Tədbir rəngarəng konsert proqramı ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.