REGİONLAR
Şuşa şəhəri xalqımız üçün çox böyük tarixi əhəmiyyətə malikdir
Zaqatala, 3 mart, Mustafa Dadaşov, AZƏRTAC
Şuşa xalqımızın maddi-mənəvi dəyərlərini özündə əks etdirən gözəl bir diyardır. Bu şəhər bütün dövrlərdə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında imzaladığı Sərəncam xalqımız üçün müstəsna əhəmiyyət kəsb edən tarixi sənəddir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir “Şuşa İli” çərçivəsində Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən “Şuşanın tarixi” adlı tədbirdə səsləndirilib. Tədbirdə Mərkəzin əməkdaşları, rayonun Aşağı Tala kənd 5 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhərinin tarixindən, tarixi-mədəni, ictimai-siyasi həyatın mühüm mərkəzlərindən biri olmasından, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən, doğma Qarabağın, o cümlədən qədim Şuşa şəhərinin düşməndən azad edilməsindən ətraflı söhbət açılıb. Bildirilib ki, Şuşanın Azərbaycan xalqı üçün çox böyük tarixi əhəmiyyəti var. Tədbirdə, həmçinin hazırda şəhərdə aparılan geniş quruculuq işləri, reallaşdırılan infrastruktur layihələri, həyata keçirilən mədəni-kütləvi tədbirlər barədə məlumat verilib.