DÜNYA
TƏBABƏTDƏ NASİZMLƏ BAĞLI TERMİNLƏRƏ YER YOXDUR
Hələ bu yaxınlaradək həkimlər xəstənin həm artritdən (oynağın iltihabı), həm də konyunktivit və uretritdən (sidik kanalının iltihabı) əziyyət çəkdiyi ağır xəstəliyi müəyyənləşdirmək üçün “Röyter sindromu” terminindən geniş istifadə edirdilər. Lakin Pensilvaniya Universiteti (ABŞ) tibb məktəbinin alimləri 1998-ci ildən 2003-cü ilədək olan dövrdə buraxılmış 539 jurnalı nəzərdən keçirərək aydınlaşdırmışlar ki, 2003-cü ildə “nasist” terminindən istifadə 34 faizədək azalmışdır. Halbuki, hələ beş il əvvəl nəşrlərin 57 faizi “Röyter sindromu”ndan gen-bol istifadə edirdi.
Alimlərin fikrincə, bu terminin tibb leksikasından çıxarılmasında bir qrup həkimin böyük xidməti var. 1977-ci ildə onlar terminin qadağan olunması və onun “kəskin artrit” kimi daha münasib adla əvəzlənməsi üçün kampaniya təşkil etmişdilər.
Hans Röyter nasizmin fanatiki olmuş və Hitler Reyxinin səhiyyə xidmətinin tərkibinə daxil idi. İkinci Dünya müharibəsi ərzində o, Buhenvald həbs düşərgəsində yatalaq üzrə eksperimentlər aparmışdır. Bu eksperimentlər zamanı 250-dən çox adam ölmüşdür. Röyter məcburi sterilizasiya və evtanaziya (ölümün bilərəkdən sürətləndirilməsi) keçirilməsində də iştirak edirdi.