CƏMİYYƏT
TƏBİB qastroenteroloji tibbi xidmətin artırılmasına dəstəyi gücləndirəcək
Bakı, 12 may, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyəti (AQİEC) arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, memorandumu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov və Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin sədri Fərid Quliyev imzalayıblar.
Memorandum tərəflər arasında uzunmüddətli qarşılıqlı faydalı elmi əməkdaşlığın dərinləşməsinə, tibbi əməkdaşlığın möhkəmləndirilməsinə, Azərbaycanda qastroenteroloji tibbi xidmətin artırılmasına dəstəyin gücləndirməsini ehtiva edir.
Memorandumun imzalanması mərasimində tibbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, müştərək elmi-praktik konfransların, simpoziumların, ixtisasartırma kurslarının, təlimlərin, o cümlədən digər tibbi tədbirlərin birgə təşkili müzakirə olunub.
Bildirilib ki, mütəxəssislərin iştirakı ilə keçiriləcək qarşılıqlı elmi-praktik tədbirlər, müştərək elmi-tədqiqat işləri, tibbi araşdırmalar və birgə əməkdaşlıq ölkəmizdə qastroenterologiya sahəsində yeniliklərin tətbiqinə, yeni elmi nailiyyətlərin əldə edilməsinə və bu sahənin inkişafına öz töhfəsini verəcək. Bundan sonra TƏBİB və AQİEC Bakı şəhəri və regionlar üzrə qastroenteroloji xidmətin yaxşılaşdırılması, inkişafı, bu sahədə mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə qarşılıqlı əməkdaşlıq edəcək.
Memorandumun müddəti imzalandığı tarixdən iki il ardıcıl davam edəcək.