CƏMİYYƏT
TƏCİLİ YARDIM AVTOMOBİLLƏRİNİN İLK HİSSƏSİ AZƏRBAYCANA GƏTİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Rusiyadan alınmış təcili yardım avtomobillərinin ilk hissəsi Azərbaycana gətirilmişdir. Mayın 9-da Azadlıq meydanında 100 belə maşının ölkəmizin müxtəlif bölgələrinə paylanması mərasimi keçirilmişdir. Tibb müəssisələri rəhbərlərinin və ictimaiyyətin nümayəndələrinin toplaşdığı mərasimdə səhiyyə naziri Əli İnsanov çıxış edərək bildirmişdir ki, ümumi sayı 200 ədəd olan təcili yardım avtomobilləri əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına müvafiq olaraq alınmışdır. Bir qismi reanimobillərdən ibarət avtomobillərin qalan hissəsi yaxın vaxtlarda respublikamıza gətiriləcəkdir.
Nazir həmçinin demişdir ki, səhiyyənin maddi bazasının təkmilləşdirilməsi və ölkəmizdə tibbi xidmətlərin səviyyəsinin yüksəldilməsi proqramı çərçivəsində 21 xəstəxananın açılışı nəzərdə tutulmuşdur.
Sonra Ə.İnsanov avtomobillərin açarlarını tibb müəssisələrinin nümayəndələrinə təqdim etmişdir. 18 avtomobil qaçqınların və məcburi köçkünlərin məskunlaşdığı rayonlara paylanmışdır.