ELM VƏ TƏHSİL
TƏHSİL NAZİRLİYİNDƏ ABŞ-A GEDƏN TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Nazir müavini Elmar Qasımov çıxışında təhsil sahəsində Azərbaycan-ABŞ əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətindən danışdı, ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanmış uğurlu kadr siyasətinin Azərbaycanın dünya birliyinə dinamik inteqrasiyasının əsasına çevrildiyini vurğulayaraq, xatırlatdı ki, son illər 800-dən çox həmvətənimiz ABŞ-ın təhsil mərkəzlərində təlim keçmişdir.
O, ümumtəhsil proqramlarının keçirilməsində köməyə görə ABŞ səfirliyinə və beynəlxalq təşkilatların rəhbərliyinə təşəkkürünü bildirərək, bu proqramların davam etdiriləcəyinə ümid bəslədiyini söylədi.
ABŞ səfirliyinin nümayəndələri bildirdilər ki, Birləşmiş Ştatlara gedən gənclər nəinki təlim keçəcək, həm də ölkənin mədəni həyatında fəal iştirak edəcəklər.
Sonra beynəlxalq təşkilatların nümayəndələri dedilər ki, ABŞ-ın ali məktəblərində iki illik təhsilin bütün xərclərini Dövlət Departamenti öz üzərinə götürür və belə proqramlar gələcəkdə də davam etdiriləcəkdir. 2004/2006-cı illərdə Azərbaycanın 30-dək vətəndaşı ABŞ-da magistr dərəcəsi almaq üçün təlim keçəcəkdir.
Sonda tələbələr çıxış edərək, respublikanın və beynəlxalq təşkilatların rəhbərliyinə təşəkkürlərini bildirdilər.