SİYASƏT
TALDI-KURQANDA AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ YARADILMIŞDIR
Bu münasibətlə keçirilən təsis konfransında Almatı vilayətindəki “Qobustan” mədəniyyət mərkəzinin sədri Əsli Osmanova, Qazaxıstan Xalqları Assambleyasının Almatı vilayəti üzrə icraçı katibi Qabit Nuradiloğlu və Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.
Konfransda qeyd edildi ki, Taldı-Kurqan və ona yaxın Kirovsk-1 və Kirovsk-2 qəsəbələrində səkkiz minə yaxın soydaşımız yaşayır. Ona görə də bu şəhərdə mədəniyyət mərkəzinin yaradılmasının böyük əhəmiyyəti vardır. Soydaşlarımız mərkəzə hər cür kömək etməyə hazır olduqlarını bildirmişlər.
Həmyerlimiz Cəbrayıl Məhərrəmov mədəniyyət mərkəzinin sədri seçilmişdir. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: - Taldı-Kurqanda yaşayan soydaşlarımızın böyük əksəriyyəti 40-cı illərin repressiya qurbanlarıdır. Onlar xalqımızın adət-ənənələrini bu günədək qoruyub saxlamışlar. Mədəniyyət mərkəzini yaratmaqda da məqsədimiz odur ki, adət-ənənələrimiz yad təsirlərdən qorunsun, Vətənlə əlaqələrimiz daha da genişlənsin.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Taldı-Kurqan