MƏDƏNİYYƏT
“TALELƏR QOVUŞANDA”... 92-Cİ MÖVSÜM BAĞLANDI
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcı kollektivi görkəmli bəstəkar, SSRİ xalq artisti Rauf Hacıyevin “Talelər qovuşanda” operettasının tamaşası ilə özünün 92-ci teatr mövsümünü bağlamışdır. Teatrdan AZƏRTAC-ın müxbirinə demişlər ki, bu sənət ocağının direktoru və bədii rəhbəri, xalq artisti Hacıbaba Bağırov çıxış edərək, kollektivin bütün üzvlərini yola saldıqları mövsümdə qazandıqları yaradıcılıq uğurları münasibətilə təbrik etmiş, onlara yeni sənət nailiyyətləri arzulamışdır. Sonra Rauf Hacıyevin “Qonşular” əsərinin motivləri əsasında Faiq Zöhrabovla Elxan Ocaqovun və quruluşçu rejissor, “Qızıl Dərviş” mükafatı laureatı Faiq Zöhrabovun, quruluşçu rəssam İsmayıl Məmmədovun hazırladıqları “Talelər qovuşanda” iki hissəli operettasının tamaşası olmuşdur. Operettada əsas rollarda əməkdar artistlər Elxan Əhədzadə (Əli), Xanım Qafarova (Sona), aktyorlar Elçin Həmidov (Totuş), Lütfiyyə Səfərova (Nazpəri) və başqaları oynamışlar.