REGİONLAR
“TALISTAN” KƏNDLİ-FERMER TƏSƏRRÜFATI UĞURLAR QAZANIR
İsmayıllı rayonunda fəaliyyət göstərən “Talıstan” kəndli-fermer təsərrüfatında gəlirlər artdıqca istehsal sahələri genişləndirilir, təsərrüfata əlavə işçi qüvvəsi cəlb olunur. Ötən il 18 nəfərin çalışdığı kollektivdə hazırda 28 nəfər işləyir.
“Talıstan” kəndli-fermer təsərrüfatının başçısı Bağı Məhərrəmov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, özəl sektorun inkişafına göstərilən dövlət qayğısı, bizim üçün edilən güzəştlər ildən-ilə təsərrüfatımızı genişləndirməyə imkan yaratmışdır.
“Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Prezidentin 2003-cü il 24 noyabr tarixli Fərmanı biz fermerlərin də üzərinə böyük vəzifələr qoymuşdur. Söhbət istehsal sahələrini genişləndirməkdən, respublikamızda kənd təsərrüfatı məhsullarının bolluğunu yaratmaqdan gedir. İndi imkanları bir daha götür-qoy edir, təsərrüfatı inkişaf etdirmək, əlavə işçi qüvvələri cəlb etmək istiqamətində tədbirlər görürük.