İQTİSADİYYAT
TANAP-ın qazla doldurulması üçün nəzərdə tutulan ölçü stansiyası ilin sonunda hazır olacaq
Bakı, 26 sentyabr, AZƏRTAC
“SOCAR Midstream Operations” şirkətinin mütəxəssisləri Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinin Gürcüstan ərazisində yerləşən 81 saylı ölçü qovşağı və 77 saylı kompressor stansiyasına səfər ediblər.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı müəyyən edilib ki, 81 saylı sahənin tikintisi üzrə 99,8 faiz yüksək inkişaf göstəricisi əldə olunub. Bildirilib ki, oktyabrın 1-dən sahə mexaniki olaraq tamamlandıqdan sonra işəsalma və istismar qrupuna təhvil veriləcək.
Mütəxəssislərin bütün suallarına BP və podratçıları tərəfindən ətraflı cavab verilib. BP-nin nümayəndələri bildiriblər ki, TANAP boru kəmərinin ilkin qazla doldurulması üçün nəzərdə tutulan 81 saylı sahənin tikinti və sazlanmasında heç bir gecikmə yoxdur və cari ilin sonunda 81 saylı ölçü stansiyası tam şəkildə istismara hazır olacaq.
77 saylı kompressor stansiyasında da işlərin yüksək templə davam etdiyi və bu ilin sentyabrına kimi 77 faiz yüksək göstəricinin əldə edildiyi müəyyən olunub. Bildirilib ki, stansiyanın əsas boru kəmərinə qoşulması üçün nəzərdə tutulan işlər 2018-ci ilə planlaşdırılır. Sahəyə baxış zamanı tikinti və quraşdırma işlərində təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunması müşahidə edilib.