TAP-ın Yunanıstan və Albaniya marşrutunda torpaq örtüyünün 68 faizi əvvəlki vəziyyətinə gətirilib
AzerTAg.az

Bakı, 12 iyul, Nihad Budaqov, AZƏRTAC
Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Yunanıstan və Albaniya marşrutunda torpaq örtüyünün 68 faizi əvvəlki vəziyyətinə gətirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya marşrutunun 520 kilometrində torpaq örtüyü əvvəlki vəziyyətinə gətirilib.
Qeyd edək ki, Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan TAP qaz boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. TAP Avropa İttifaqı (Aİ) üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin bir seqmentini təşkil edir. TAP qaz boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 74 faizdən çoxu yekunlaşıb.
Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Layihənin ümumi dəyəri 4,5 milyard avro qiymətləndirilir. Buraya dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ildə Türkiyə və Gürcüstana həyata keçirib. Avropaya ilk qazın verilməsi isə 2020-ci ilə planlaşdırılır.
TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).
Xəbərin mətnində orfoqrafik səhv var