RƏSMİ XRONİKA
TARİX-DİYARŞÜNASLIQ MUZEYİ İLƏ TANIŞLIQ
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də Lerik rayon Tarix-diyarşünaslıq muzeyi ilə tanış olmuşdur.
Rayon Mədəniyyət şöbəsinin müdiri Həmzə Vəliməmmədov dövlətimizin başçısına muzeyin tarixi və burada saxlanılan eksponatlar barədə məlumat verdi. Bildirildi ki, rayon kimi yaranmasının 75 illiyi bu il qeyd olunan Lerik Azərbaycanın qədim tarixə malik bölgələrindəndir. Tarix-diyarşünaslıq muzeyinin binası ümummilli liderimiz Heydər Əliyevin göstərişi ilə ötən əsrin 80-ci illərində tikilmişdir. 5 bölmədən ibarət muzeydə 4 min eksponat nümayiş etdirilir. Onların arasında eramızdan əvvəl XIV-XII əsrlərə aid tunc xəncərlər, ox ucluqları, amuletlər və s. maddi mədəniyyət nümunələri vardır.
Muzeydə müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevə həsr olunmuş xüsusi bölmə yaradılmışdır. Vətən uğrunda döyüşlərdə həlak olmuş lerikli şəhidlərə - beş Milli Qəhrəmana həsr olunmuş guşələr də vardır. Hazırda muzeyin binasında yüksək səviyyəli təmir-bərpa işləri aparılır və artıq başa çatmaqdadır.
Prezident İlham Əliyev muzeylə yaxından tanış oldu, burada saxlanılan eksponatların rayonun qədim tarixini əks etdirən nümunələr kimi qiymətli olduğunu vurğuladı.
Dövlətimizin başçısına xatirə olaraq Lerik rayonunun mənzərəsi çəkilmiş tablo hədiyyə edildi.