DÜNYA
TEHRANDA BEYNƏLXALQ FORUM AÇILMIŞDIR
Oktyabrın 15-də Tehranda “İnformasiya agentliklərinin beynəlxalq forumu - Sülh naminə koalisiya” öz işinə başlamışdır. Forum sülhün qorunması işində kütləvi informasiya vasitələrinin rolunu müəyyənləşdirməlidir. Tədbirdə dünyanın 50-dən çox informasiya agentliyinin, o cümlədən AZƏRTAC-ın nümayəndəsi iştirak edir.
İslam Konfransı Təşkilatının iclas salonunda keçirilən forumun ilk iclasını bu tədbirin təşkilatçısı – İran İslam Respublikasının İRNA agentliyinin baş direktoru Abdulla Nasiri açdı. İran Prezidentinin, BMT-nin baş katibinin, YUNESKO-nun direktorunun forum iştirakçılarına müraciətləri oxundu.
Sonra bir sıra ölkələrin informasiya agentliklərinin nümayəndələri çıxış edərək, bu beynəlxalq tədbirin əhəmiyyətindən, sülh, əmin-amanlıq, dövlətlər arasında səmərəli əməkdaşlıq üçün maneələrin aradan qaldırılmasında, beynəlxalq terrorizmə qarşı mübarizədə kütləvi informasiya vasitələrinin rolundan danışdılar. Forumda “Kütləvi informasiya vasitələri və sivilizasiyalar arasında diskussiya”, “Kütləvi informasiya vasitələri və hakimiyyət”, “Mətbuat və sülh”, “Mətbuatın elektron informasiya vasitələri” mövzusunda diskussiyalar aparıldı. “Ədalətli sülhün, azadlığın, mətbuatın obyektivliyinin təmin edilməsində kütləvi informasiya vasitələrinin rolu” – forumda müzakirə edilən əsas mövzulardan biri belə adlanırdı.
Forum iştirakçıları vurğuladılar ki, ictimai fikrin formalaşmasına məsuliyyətlə yanaşmaqla sülh ideyalarının həyata keçirilməsinə, beynəlxalq anlaşmaya nail olmaq, müxtəlif səviyyələrdə ziddiyyətlərin və toqquşmaların qarşısını almaq mümkündür. Bu məsələ kütləvi informasiya vasitələrinin diqqətindən yayınmamalıdır.
Oktyabrın 16-da forum öz işini davam etdirəcəkdir.
Sabir Yusifov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran