ELM VƏ TƏHSİL
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında mikrokompüter təqdim olunacaq
Bakı, 17 mart, AZƏRTAC
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçiriləcək sərgidə İdarəetmə Sistemləri İnstitutu tərəfindən müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının adaptasiya oluna bilən idarəetmə sisteminin funksiyalarını həyata keçirmək üçün işlənib hazırlanmış mikrokompüter təqdim olunacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
Bildirilib ki, sərgidə mikrokompüterin təqdimatı ilə yanaşı, real uçuş aparatının virtual nümayiş etdirilməsi də nəzərdə tutulur. Qeyd olunub ki, məqsəd idarəetmə sisteminin müasir tələblərə cavab verən və böyük maraq doğuran funksiyalarını nümayiş etdirməkdir. Diqqətə çatdırılıb ki, AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC ilə birgə pilotsuz uçuş aparatının imkanları maket vasitəsilə nümayiş ediləcək.
Xatırladaq ki, AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovun sədrliyi ilə AMEA-nın elmi müəssisələrinin “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçiriləcək sərgidə iştirakı məsələsinə həsr olunan onlayn müşavirə keçirilib.