İQTİSADİYYAT


“TEKNOFEST Azərbaycan” çərçivəsində “Pilotsuz Uçuş Aparatları” müsabiqəsinə qeydiyyat davam edir

Bakı, 10 fevral, AZƏRTAC

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində təşkil olunacaq “Pilotsuz Uçuş Aparatları” (PUA) müsabiqəsi tələbələr arasında aerokosmik sahəyə və pilotsuz uçuş aparatlarına marağın artırılması, o cümlədən uçuş üzrə fundamental bilik və bacarıqları formalaşdırmaq məqsədi daşıyır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festivalın ən maraqlı müsabiqələrindən biri də ali məktəb tələbələri üçün nəzərdə tutulmuş PUA yarışıdır.

Sözügedən müsabiqədə tələbələrə həvalə olunan tapşırıqlar elektronika, mexanika və proqramlaşdırma sahələrində nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişafına imkan verəcək.

Müsabiqənin şərtlərinə əsasən, qeydiyyatdan uğurla keçmiş tələbələrdən ibarət komandalar müxtəlif tipli PUA modellərini layihələndirə bilərlər. Komandalar pilotsuz uçuş aparatlarının missiyasını təyin etməkdə tam sərbəstdir. Həmçinin müsabiqə zamanı komandalar dizayn etdikləri PUA modellərini geniş auditoriyaya nümayiş etdirə biləcəklər.

Qeyd edək ki, beynəlxalq tədbir olan PUA müsabiqəsində azərbaycanlı tələbələrlə yanaşı, türkiyəli gənclər də iştirak edəcəklər.

Müsabiqənin mükafat fondu I yer üçün 4 min ABŞ dolları, II yer üçün 2 min ABŞ dolları, III yer üçün 1 min ABŞ dollarıdır.

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 2022-ci il fevral 17-dir.

Qeydiyyat üçün elektron keçid: https://teknofest.az/az/competitions/ .

Xatırladaq ki, “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu il mayın 26-29-da Bakıda ilk dəfə olaraq keçiriləcək. Beynəlxalq brendə çevrilən “TEKNOFEST”in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil və digər sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.