İQTİSADİYYAT
“TEKNOFEST Azərbaycan”da qalib gələn gənclərlə görüş keçirilib VİDEO
Bakı, 3 iyun, Xəyalə Cəfərova, AZƏRTAC
İyunun 3-də “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında qalib gələn bir qrup gənclə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə hazırkı dövrdə elmin, yeni texnologiyaların və ideyaların ölkələrin inkişafındakı rolu, hər bir yeniliyə açıq olan iki qardaş ölkənin gənclərin inkişafına xüsusi diqqət göstərdiyi qeyd edilib. Bildirilib ki, keçirilən mərasim də məhz belə gənclərə dəstək olmaqdır.
Tədbir iştirakçıları “TEKNOFEST”i innovativ həllərlə çıxış edən Azərbaycan gəncləri üçün yerli və xarici investorlara yol tapmaq imkanı yaratdığı vurğulanıb.
İKT eksperti Elvin Abbasov “TEKNOFEST Azərbaycan”dan sonra da istedadlı gənclərlə dövlət qurumları arasında daimi əlaqənin olacağını söyləyib: “Bu gün qaliblərə gələcəkdə hansı mexanizmlərlə dəstək olacağımızı, onların inkişafı üçün yaradılacaq planları müzakirə etdik. Ümumilikdə bu festival Azərbaycanın və onun gənclərinin potensialını bütün dünyaya tanıtdı”.
Sonda "TEKNOFEST Azərbaycan" festivalında qalib gələn və aktiv fəaliyyət göstərən gənclərin bir qrupu təltif olunub.