SİYASƏT
TERRİ DEVİS: “UZUN MÜDDƏT ÇADIRLARDA AĞIR ŞƏRAİTDƏ YAŞAMAQ ÇOX ÇƏTİNDİR”
AŞPA Siyasi Məsələlər Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Terri Devis Biləsuvar rayonunda məskunlaşmış qaçqınlarla görüşdükdən sonra səfərinin yekunları ilə bağlı AZƏRTAC-ın müxbirinə müsahibə vermişdir.
SUAL: Cənab Terri Devis, qaçqınlarla görüşünız barədə nə deyə bilərsiniz?
CAVAB: - Səfərimin əsas məqsədlərindən biri elə qaçqınlarla görüşmək, onların keçirdiyi hisslər və yaşadıqları həyat tərzi ilə tanış olmaq idi. Onlarla çox maraqlı bir görüş keçirdim. Qaçqınların qonaqpərvərliyi xoşuma gəldi, onların öz həyatları barədə danışdıqları və suallarıma verdikləri cavablar mənim üçün çox vacib idi. Əfsuslar olsun ki, vaxtın azlığı üzündən mən onlarla çox ünsiyyətdə ola bilmədim.
Bilirsiniz ki, mən məruzə hazırlamalıyam, amma bu məruzə qaçqınlarla bağlı deyil, ümumi siyasi məruzə olacaqdır. Təbii ki, siyasət insanlara həsr olunur, ona görə də mən müharibənin qurbanları olan bu insanlarla görüşmək istəyirdim. Zənnimcə, bu insanlar ən vacib insanlardır.
SUAL: - Ümumiyyətlə bu görüş sizdə necə təəssürat yaratdı?
CAVAB:- Təbii ki, çox çətin və ağır vəziyyətdir. Uzun müddətdir ki, qaçqınlar burada yaşayırlar. Əsas məsələ onların probleminin necə həll olunmasıdır. Yəni əsas məsələ onların yaşayış şəraitinin yaxşılaşdırılması deyil, Dağlıq Qarabağ və onun ətrafında olan rayonların məsələsidir. Mən məruzəmdə əsasən bu barədə yazacağam.
SUAL:-2003-cü ildə təşkilatınız tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansı addımlar atılacaqdır?
CAVAB:- Mən AŞPA tərəfindən müzakirə ediləcək məruzə hazırlayıram. Bu məruzənin hazırlanması Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin təşəbbüsüdür. Məndən soruşuldu ki, münaqişə ilə bağlı müstəqil və obyektiv məruzə hazırlaya bilərəmmi? Nəzərinizə çatdırmaq istəyirəm ki, Ermənistan tərəfi də dinləməmiş hansısa bir fikir söyləyə bilmərəm. Hakimlər qərar qəbul etməzdən qabaq hər iki tərəfi dinləyirlər. Buna görə də ikinci tərəfə qulaq asmadan fikir söyləsəm obyektiv, münasib məruzəçi olmaram. Təbii ki, məruzə hazırlanacaqdır. Amma Azərbaycanda prezident, Ermənistanda parlament seçkilərinə qədər onu nəşr etdirmək fikrində deyiləm. Mən nə Azərbaycanda, nə də Ermənistanda seçkilərə hər hansı bir formada təsir göstərmək istəmirəm və bir əcnəbi kimi bunu etmək çox səhv olardı.