TERRORİZM MƏSƏLƏSİ AŞPA-NIN SESSİYASINDA GENİŞ MÜZAKİRƏLƏR DOĞURMUŞDUR
AzerTAg.az
Yanvarın 29-da Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işini davam etdirmişdir. AZƏRTAC-ın xüsusi müxbiri Strasburqdan xəbər verir ki, gündəliyə çıxarılmış bir çox məsələlərlə yanaşı, “Terrorizm: demokratiya üçün təhlükə” mövzusu ətraflı müzakirələr doğurmuşdur. Deputatlar yeni əsrin bəlasına çevrilmiş beynəlxalq terrorizmin bəşəriyyət üçün getdikcə təhlükəli xarakter aldığını, minlərlə günahsız insanın həyatına son qoyduğunu qeyd etmiş, Avropa Şurasının üzvü olan dövlətləri bu dəhşətli bəlanın qarşısını almaqda qüvvələri səfərbər etməyə çağırmışlar.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışında terrorizmin demokratiya üçün real təhlükə olduğunu, heç bir hüquqi əsası olmayan terror aktlarını doğuran səbəbləri üzə çıxarmağın, terrorçuları maliyyələşdirən dövlətləri, təşkilatçıları beynəlxalq tribunalda mühakimə etməklə onlara qarşı ciddi sanksiyalar tətbiq olunmasının vacibliyini vurğulamışdır. O demişdir ki, əgər terrorizmlə mübarizə təxirə salınsa, sabah burada, elə Avropanın mərkəzində minlərlə insanın məhvinə səbəb olacaq terror aktları törədiləcəkdir.
S.Seyidov ölkəmizin də terror aktlarına məruz qalması barədə ətraflı məlumat verərək bildirmişdir ki, ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan Azərbaycana qarşı bir neçə terror aktı törətmiş, nəticədə iki mindən artıq dinc adam həlak olmuşdur. Avropa Şurası kimi bir nüfuzlu təşkilatın üzvü olan Ermənistan işğal etdiyi ərazilərdə terror düşərgələri yaratmışdır və orada hərtərəfli təlim görmüş quldur dəstələrindən terror aktları törətməkdə istifadə edir. Bir çox məsələlərdə ikili standartlara yol vermiş qurum hansı səbəbdənsə, bu fakta göz yumur, beynəlxalq terrorizm üçün münbit şərait yaratmış ölkəyə qarşı heç bir tədbir görmür.
Azərbaycanlı deputat terrorun acı nəticələri ilə dəfələrlə qarşılaşmış ölkəmizin beynəlxalq terrorizmə qarşı mübarizəni dəstəkləyən ilk dövlətlərdən biri olduğunu xüsusi vurğulamış, bəşəriyyəti, demokratiyanı hədələyən terror hərəkətlərini Azərbaycanın qətiyyətlə pislədiyini və ona qarşı ciddi mübarizə apardığını bildirmişdir.
X X X
Azərbaycan nümayəndə heyətinin rəhbəri yanvarın 28 və 29-da Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi üzrə məruzəçi Terri Devislə görüşmüşdür. Görüşlərdə T.Devisin fevral ayının sonlarında ölkəmizə səfəri ilə bağlı bəzi məsələlər müzakirə edilmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var