İDMAN
TEYMUR RƏCƏBOV DÜNYANIN ƏN GÜCLÜ 10 ŞAHMATÇI SIRASINDA 7-CİDİR
Bakı, 1 sentyabr (AZƏRTAC). Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2009-cu ilin sentyabr ayı üçün dünyanın 10 ən güclü şahmatçısının reytinq cədvəlini açıqlamışdır.
Cədvələ Bolqarıstan şahmatçısı Veselin Topalov (2813) başçılıq edir. Sonrakı yerləri hindistanlı dünya çempionu Vişvanatan Anand (2788), ermənistanlı Levon Aronyan (2773), norveçli Maqnus Karlsen (2772), rusiyalı Vladimir Kramnik (2772), macar Peter Leko (2762), azərbaycanlı Teymur Rəcəbov (2757), ukraynalı Vasili İvançuk (2756), israilli Boris Gelfand (2756) və rusiyalı Aleksandr Morozeviç (2750) tuturlar.
Qeyd edək ki, Teymur Rəcəbov iyul ayı ilə müqayisədə (2756) şəxsi reytinq əmsalına 1 bal əlavə etmiş, həmçinin reytinq cədvəlində 8-ci pillədən 7-yə yüksəlmişdir.
FİDE–nin tərtib etdiyi ən güclü 25 şahmatçının siyahısında iki azərbaycanlı da var. Beynəlxalq qrossmeysterlər Vüqar Həşimov (2740) həmin cədvəldə 14-cü, Şəhriyar Məmmədyarov (2721) isə 21-ci sırada yer almışdır. Bununla da V.Həşimov iyulla müqayisədə 3 pillə, Ş.Məmmədyarov isə 2 pillə geriləmişdir.