ELM VƏ TƏHSİL
TİKA Bakı nümayəndəliyinin koordinatoru AzTU-da görülən işlərlə tanış olub
Bakı, 17 avqust, AZƏRTAC
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmazın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev ilə görüşüb.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Rektor Vilayət Vəliyev bu yaxınlarda TİKA-nın Bakı nümayəndəliyində olduğunu və əməkdaşlıqla bağlı faydalı müzakirələrin aparıldığını xatırladıb. Bildirib ki, AzTU TİKA ilə müxtəlif istiqamətlərdə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Bu əməkdaşlıq əlaqələri universitet-sənaye işbirliyinin inkişafına da töhfə verə bilər. Rektor TİKA tərəfindən universitetə hədiyyə edilən “ezAFM+” Atomik Mikroskopuna görə təşəkkürünü bildirib. Qeyd olunub ki, mikroskopdan fizika, nanotexnologiya, materialşünaslıq, biologiya, yarımkeçirici texnologiyaları, molekulyar mühəndislik kimi sahələrdə, tədrisdə və elmi-tədqiqatlarda istifadə ediləcək. Rektor bildirib ki, hazırda mikroskopun istifadə ediləcəyi auditoriyanın seçilməsi istiqamətində işlər aparılır. Yaxın aylarda Türkiyədən dəvət olunan mütəxəssislər sözügedən qurğunun istifadəsi ilə bağlı AzTU-da təlimlər təşkil edəcək.
TİKA Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz diqqətə çatdırıb ki, səfərin məqsədi həm AzTU-da görülən işlərlə tanış olmaq, həm də yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir. Fatih Yılmaz universitetə təqdim olunan mikroskopun tədris və tədqiqatın keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm əhəmiyyətə malik olacağına da ümidvar olduğunu deyib.
Daha sonra qonaqlar AzTU-da görülən yenidənqurma işləri ilə tanış olublar.