ELM VƏ TƏHSİL
TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”
Bakı, 18 aprel, AZƏRTAC
Bakı şəhəri 138 nömrəli tam orta məktəbin inklüziv təhsil tətbiq olunan ikinci sinfində “TOPs – fiziki tərbiyə sahəsində müasir təhsil texnologiyasının yaradılması” layihəsi çərçivəsində “Açıq dərs” keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, TOPs təlimlərindən keçmiş ibtidai sinif müəllimləri Gülər Abdullayeva və Səbinə Əliyeva şagirdlərə innovativ tədris vəsaiti olan TOP oyun tədris kartlarından istifadə edərək ilkin hərəki bacarıq və vərdişlər öyrədiblər.
“Açıq dərs”i Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, “British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyinin, “İnkişaf Naminə İdman” İctimai Birliyinin təmsilçiləri, müəllim və valideynlər izləyiblər.
Təhsil Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, “British Council” təşkilatı və “İnkişaf Naminə İdman” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən TOPs layihəsinin əsas məqsədi ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir.
Hazırda layihə Bakı və Sumqayıt şəhərlərinin 72 ümumi təhsil məktəbində tətbiq edilir. 2014-cü ildən başlanan layihədən 100 min nəfərdən artıq şagird daha keyfiyyətli və maraqlı fiziki tərbiyə dərsindən, eləcə də dərsdənkənar fəaliyyətdən faydalanıb, 200-dək ibtidai sinif və 500-dən artıq fiziki tərbiyə müəllimi TOPs təlimlərinə qatılaraq sertifikatlar əldə ediblər.