REGİONLAR
TORPAQ, SU VƏ BİTKİ ANALİZİ LABORATORİYASI TORPAQ SAHİBLƏRİ ÜÇÜN TÖVSİYƏ HAZIRLAYIR
Aqro İnformasiya Mərkəzindən (AİM-Azərbaycan) AZƏRTAC-a bildirmişlər ki, qurumun nəzdində fəaliyyət göstərən Torpaq, su və bitki analizi laboratoriyasına cari mövsümdə analiz olunması üçün 150-dən çox nümunə təqdim edilmişdir.
Analizin nəticələrinə uyğun olaraq sifarişçilər - Hacıqabul, Kürdəmir, Ağdaş, Ucar, Bərdə, Ağdam, Ağcabədi və Beyləqan rayonlarının torpaq mülkiyyətçiləri üçün gübrələmə sistemi işlənib hazırlanmış, onlara tövsiyələr verilmişdir. Yeri gəlmişkən, kənd əhalisini suvarma suyu ilə yanaşı, içməli suyun tərkibi də çox maraqlandırır.
Aparılan ayrı-ayrı analizlər göstərir ki, adı çəkilən ərazilərdə torpaqlar fosfor və kaliumla zəif təmin olunmuşlar. Lakin torpaqlar kifayət qədər karbonatlıdır. Bu, müsbət haldır. Analiz olunan torpaqlarda ümumi azot ehtiyatı orta səviyyədə təmin edilmişdir. Lakin həmin azot bitki tərəfindən tədricən, yəni minerallaşdıqca mənimsənilir. Ona görə də torpaq sahiblərinə illik azot normasının verilməsi tövsiyə edilmişdir.
Baş laborant Məhərrəm Haqverdiyev bildirmişdir ki, respublikamızın xüsusilə mərkəzi bölgəsində dren-kollektor kanallarının çəkilməsi, mövcud kanalların təmizlənməsi, torpaqların yüksək su norması ilə yuyulması, orada duza davamlı bitkilərin əkilməsi, sideratların və ya yoncanın növbəli əkininin həyata keçirilməsi son dərəcə əhəmiyyətlidir. O vurğulamışdır ki, bitki üçün vacib maddələrin torpaqdakı ehtiyatını və çatışmayan hissəsini bilmək üçün torpaqların aqrokimyəvi xüsusiyyətlərini öyrənmək vacibdir. Bu, həm fermerlərin yetişdirdiyi bitkilərin məhsuldarlığını artırır, həm də onları lazımsız gübrələrə çəkilən xərclərdən azad edir.