CƏMİYYƏT
“TRT World” televiziyasının internet saytı Türk Şurası ilə bağlı analitik məqalə yayıb
Ankara, 14 oktyabr, AZƏRTAC
“TRT World” televiziya kanalının gənc eksperti Turan Qafarlı “Türk dünyası tarixi sıçrayışın astanasındadır” sərlövhəli analitik məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, www.trtworld.com saytında ingilis dilində oxuculara təqdim olunan məqalədə türkdilli dövlətlərin tarixi və müasir inkişaf istiqamətlərinə toxunulur. Müəllif diqqətə çatdırır ki, keçmiş SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən türkdilli dövlətlər və Türkiyə Respublikası müəyyən təşkilatlar ətrafında birləşmək fürsəti qazanmışlar. Məqalədə türkdilli dövlətlərin təmsil olunduqları təşkilatların, o cümlədən TÜRKSOY-un mədəniyyət diplomatiyasının nəticələrindən geniş bəhs olunur. Qeyd olunur ki, TÜRKSOY tərəfindən Marı şəhərinin 2015-ci il boyunca türk dünyasının "mədəniyyət paytaxtı" elan edilməsi ilə Türkmənistanın türkdilli dövlətlərlə əməkdaşlığı üçün əsaslı zəmin yaradıldı. Məqalədə həmçinin Özbəkistanın Türk Şurasına üzvlüyü, Macarıstanda təşkilatın Avropa ofisinin açılması məsələləri barədə də oxucular məlumatlandırılır.
Məqalədə qeyd olunur ki, Naxçıvan sazişi əsasında təsis olunan Türk Şurasının 10-cu ildönümü şərəfinə Bakıda təşkil olunan VII Zirvə görüşü təşkilatın fəaliyyətində daha dinamik inkişafın əsasını qoyacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara