SİYASƏT
TÜRKİYƏDƏ AZƏRBAYCAN DİASPORU GENİŞLƏNİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu günlərdə qardaş Türkiyənin Antalya, Kocaeli, Çanaqqala və Muğla şəhərlərində Azərbaycan cəmiyyətlərinin təsis konfransları keçirilmişdir. Bursa, İzmir şəhərlərində isə yeni cəmiyyətlərin açılışı olmuşdur.
Dövlət komitəsinin əməkdaşları mərasimlərdə iştirak etmişlər.
Komitədən onu da bildirmişlər ki, yaxın vaxtlarda Türkiyənin daha bir neçə bölgəsində Azərbaycan cəmiyyətləri təsis olunacaqdır. Bu qurumlar azərbaycanlılarla bağlı məlumatların yayılmasında, onların hüquqlarının qorunmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, eləcə də Türkiyə-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaqlar.