DÜNYA
TÜRKİYƏDƏ PARLAMENT SEÇKİLƏRİ
Noyabrın 3-də Türkiyə Böyük Millət Məclisinə növbədənkənar seçkilər keçirilmişdir. 18 siyasi partiyanın iştirak etdiyi seçkilərin nəticəsi haqqında rəsmi məlumat bir neçə gündən sonra açıqlanacaqdır. Ancaq indidən seçkilərdə Ədalət və İnkişaf Partiyasının (ƏİP) böyük qələbə qazandığını söyləmək mümkündür . Qeyri-rəsmi məlumata görə, ƏİP səslərin 34,27 faizini toplamışdır. Ölkənin 550 yerlik parlamentində onun 363 deputatla təmsil olunacağı gözlənilir.
Türkiyə parlamentində deputat yeri almaq üçün partiyalar seçkilərdə azı 10 faiz səs qazanmalıdır. İlkin məlumata əsasən, ancaq iki partiya buna nail ola bilmişdir. Parlamentdə yer alan ikinci partiya 19,4 faiz səs toplayan Cümhuriyyət Xalq Partiyasıdır. O, TBMM-də 178 deputat yeri almışdır. Qalan 9 yeri müstəqil namizədlər tutacaqlar.
Hazırkı hökumət koalisiyasını təşkil edən partiyaların heç biri Parlamentdə yer almamışlar. İlkin məlumata görə, baş nazir Bülənd Ecevitin rəhbərlik etdiyi Demokratik Sol Partiya yalnız 1,8 faiz səs qazanmışdır. Milliyyətçi Hərəkat Partiyası 8,5 faiz, Ana Vətən Partiyası isə 5,2 faiz səs toplamışdır.
Baş nazirin müavini, dövlət naziri və Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı seçkilərdən sonra bəyanatla çıxış etmişdir. Belə bir nəticəni gözləmədiyini vurğulayan Dövlət Baxçalı 2003-cü ildə MHP-nin qurultayını keçirəcəyini və partiya sədrliyindən istefa edəcəyini bildirmişdir.
Türkiyənin tarixində bəlkə də ilk dəfədir ki, baş nazir vəzifəsinə kimin gələcəyi hələ bilinmir. Konstitusiya Məhkəməsi və Mərkəzi Seçki Komissiyası Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanın deputatlığa namizədliyinə icazə verməmişdir. Ona görə də parlamentdə çoxluğa malik partiyanın sədri deputat mandatından məhrum olmuşdur. Belə vəziyyətdə Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərin hökuməti qurmaq səlahiyyətini kimə verəcəyi böyük maraq doğurur.
Konstitusiyaya əsasən, Mərkəzi Seçki Komissiyası seçkilərin rəsmi nəticələrini bəyan edəcəkdir. Parlamentin yeni üzvləri ilk iclasdakı andiçmə mərasimindən sonra TBMM-nin sədrini seçəcəklər.
Prezident Əhməd Necdət Sezər parlament üzvlərinin birinə hökuməti qurmaq səlahiyyəti verəcəkdir. Hələlik isə Bülənd Ecevitin rəhbərlik etdiyi Nazirlər Kabineti öz vəzifəsini yerinə yetirəcəkdir.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara