SİYASƏT
TÜRKİYƏNİN DAXİLİ İŞLƏR NAZİRİ AZƏRBAYCANA SƏFƏRƏ GƏLMİŞDİR
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyə Respublikasının daxili işlər naziri Abdulkadir Aksu iyulun 8-də Bakıya iki günlük səfərə gəlmişdir. Binə hava limanında hörmətli qonağı Daxili İşlər Nazirliyinin şəxsi heyəti hörmət və ehtiramla qarşılamışdır. X X X ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİNƏ DƏRİN EHTİRAMHəmin gün dost və qardaş ölkənin daxili işlər naziri Abdulkadir Aksu və onu müşayiət edən şəxslər Azərbaycanın azadlığı və suverenliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş mərd mübarizlərin əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət etmişlər.Qonaqlar canlarını Vətən uğrunda qurban vermiş igidlərin qəbirləri üzərinə gül-çiçək dəstələri düzmüş, burada ucaldılmış Əbədi məşəl abidəsinin qarşısına əklil qoymuşlar.Nazir Abdulkadir Aksu Şəhidlər xiyabanında uyuyan qəhrəman türk əsgərlərinin məzarlarını da ziyarət etmiş, onların şərəfinə ucaldılmış abidə önünə əklil qoymuşdur.Mərasimlərdə respublikamızın daxili işlər naziri, general-polkovnik Ramil Usubov, nazirliyin digər vəzifəli şəxsləri və Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz iştirak etmişlər. X X X DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞİyulun 8-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ilə dost ölkənin daxili işlər naziri Abdulkadir Aksu arasında görüş keçirilmişdir.Nazir Ramil Usubov qonaqları səmimiyyətlə salamladı, dəvətini qəbul edib Bakıya gəldiyinə görə həmkarına təşəkkür etdi və dedi ki, belə səfərlər Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf etməsinə təkan verir. Prezident Heydər Əliyev ilə Türkiyənin hazırki baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra səfərlər çoxalmış və faydalı nəticələr verir. Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, onun profilaktikası, uyuşdurucu maddələrlə mübarizə məsələləri daxili işlər orqanlarının üzərinə düşən əsas vəzifələrdir və bu istiqamətdə ciddi iş görülür. Bu görüşün 1994-cü ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış hökumətlərarası sazişə əsasən baş verdiyini, ötən dövr ərzində iki ölkənin daxili işlər nazirlikləri arasında əlaqələrin çox sürətlə inkişaf etdiyini vurğulayan Ramil Usubov bildirdi ki, Azərbaycanda nazirliyin, həm də Daxili Qoşunların fəaliyyətinin müasir, Avropa standartlarına uyğun qurulmasında dost ölkənin nazirliyinin və Jandarm Komandanlığının köməyi əvəzsizdir. Türkiyə ilə Azərbaycanın polis və daxili qoşunlarla bağlı əlaqələrinin genişlənməsi ona gətirib çıxarıb ki, 180 nəfərə yaxın əməkdaşımız Ankara Polis Akademiyasında, həmçinin qardaş ölkənin hərbi məktəblərində təhsil alıb, kurslar keçib. Buna görə qardaş ölkənin hökumətinə və xalqına təşəkkürümü bildirirəm. Nazir Ramil Usubov Azərbaycanda kriminogen vəziyyətin nəzarət altında olduğunu vurğuladı və dedi ki, respublikamız bu gün MDB məkanında hər 100 min nəfərə düşən cinayətin sayına görə sonuncu yerlərdən birini tutur. Azərbaycan Prezidenti Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət bütün sahələrdə öz bəhrəsini veribdir. Bu gün vətəndaşlarımız öz ölkəsində təhlükəsiz yaşayır, respublikamızda demokratik prinsiplər bərqərar olmuşdur. Ordu quruculuğu sahəsində də mühüm işlər görülüb, xarici iş adamlarının fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır. Türkiyənin daxili işlər naziri Abdulkadir Aksu dəvətə və səmimi qəbula görə minnətdarlığını bildirdi və dedi ki, xalqlarımız daim bir-birinin yanında olmuşdur. Biz bütün sahələrdə əlimizdən gələn köməyi bundan sonra da göstərməyə hazırıq. Qardaş ölkənin daxili işlər naziri Prezident Heydər Əliyevi sağlam və gümrah görməkdən böyük məmnunluq duyduğunu, Azərbaycanın gələcəyi baxımından önəmli olan növbəti prezident seçkilərinin demokratik şəraitdə keçiriləcəyinə əminliyini vurğuladı, Dağlıq Qarabağ məsələsində Türkiyənin mövqeyini açıqladı və dedi ki, Türkiyə Azərbaycan torpaqlarının 20 faizinin hələ də erməni işğalı altında olmasını Cənubi Qafqazda sülhə və təhlükəsizliyə böyük əngəl kimi dəyərləndirir. Türkiyə ATƏT-in Minsk qrupunun üzvü və qonşu ölkə kimi, bu problemin sülh yolu ilə ədalətli həllinə tərəfdardır və bu məsələ həll olunmayana qədər Türkiyənin Ermənistanla əlaqələr qurması və işbirliyi yaratması mümkün deyildir. Cənab Abdulkadir Aksu Azərbaycanda PKK KADEK terror təşkilatına qarşı aparılan mübarizədən razılıqla danışdı və dedi ki, bu iş indiyə qədər olduğu kimi, bundan sonra da davam etdiriləcəkdir. O, bu sahədə öz ölkəsində də ciddi tədbirlərin görüldüyünü, qanunsuz miqrasiya və insan oğurluğu ilə bağlı qanunda dəyişiklik edildiyini xatırlatdı və bildirdi ki, son beş ildə 3616 mütəşəkkil cinayətkar dəstə yaxalanmış, 2002-ci ildə 82 min 825 miqrant saxlanmışdır. Türkiyəli nazir Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Ərzurum qaz kəmərlərinin təhlükəsizliyinin mühafizəsi sahəsində yeni işbirliyinin yarandığını da diqqətə çatdırdı.Görüşdə nazirliklər arasında əlaqələrin, gələcək əməkdaşlığın inkişaf etdirilməsi, birgə kadr hazırlığı, qarşılıqlı təcrübənin öyrənilməsi, eləcə də terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahələrində fikir mübadiləsi aparıldı. Nazir Ramil Usubov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli sahəsində Türkiyənin mövqeyini yüksək qiymətləndirdi və ədaləti, haqqı müdafiə edən türk xalqına təşəkkürünü bildirdi. Sonda Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair protokol imzalandı. Sənədi nazirlər Ramil Usubov və Abdulkadir Aksu imzaladılar və jurnalistləri maraqlandıran suallara cavab verdilər.