SİYASƏT
TÜRKİYƏ-AZƏRBAYCAN DƏRNƏKLƏRİ FEDERASİYASI VƏ KOCAELİ AZƏRBAYCAN EVİ DƏRNƏYİ 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ BAĞLI BƏYANAT YAYMIŞDIR
Bakı, 31 mart (AZƏRTAC). Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və Kocaeli Azərbaycan Evi Dərnəyi 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı bəyanat yaymışdır. Bəyanatda deyilir ki, 1918-ci ildə bolşevizm adı altında birləşən erməni silahlı dəstələri əvvəlcədən planlaşdırılmış şəkildə Bakı, Naxçıvan, Quba və digər şəhərlərdə on minlərlə günahsız azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər.
Sənəddə qeyd olunmuşdur ki, misli görünməmiş vəhşiliklər törədən ermənilər, eyni zamanda, mədəni soyqırımı da həyata keçirmişlər. Məktəblər, mədəniyyət ocaqları, kitabxanalar, Müsəlman Xeyriyyə Cəmiyyətinin fəaliyyət göstərdiyi “İsmailiyyə” binası və digər tarixi abidələr yandırılıb, dağıdılmışdır.
Bəyanatda ermənilərin törətdikləri və bir ay davam etmiş qırğınların Qafqaz İslam Ordusunun Azərbaycan torpaqlarını düşmən işğalından azad etməsi ilə sona çatdığı vurğulanmışdır.