İDMAN
TÜRKİYƏ GİMNASTI BAKIDA MƏŞQ EDİR
“Yeni şehir” klubunun gimnastika bölməsinin direktoru Təhsin Tatlı Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətinə müsahibəsində demişdir: “Səfərdən başlıca məqsəd Azərbaycanda gimnastikanın inkişaf səviyyəsi ilə tanış olmaqdır. Biz İradə Əliyevadan, onun məşq prosesinə necə başçılıq etməsindən çox razıyıq. Azərbaycanda bədii gimnastika Türkiyə ilə müqayisədə daha çox inkişaf etmişdir. Buna ölkənizin Rusiyaya yaxınlığı da təsir göstərir və bu sizə oradan daha yüksək səviyyəli mütəxəssislər dəvət etməyə və Azərbaycan gimnastlarının məharətini artırmağa imkan verir. Azərbaycanın əldə etdiyi səviyyəyə çatmaq istərdik. Ona görə də əməkdaşlığımız çərçivəsində bundan sonra da birgə məşqlər keçirəcək, gimnastlarımızı Bakıya göndərəcək və sizin idmançıları isə Ankaraya dəvət edəcəyik”.
T.Tatlı Bakıda məşqlərin təşkilinə və azərbaycanlı mütəxəssisin Ankaraya ezam olunmasına görə AGF-yə, onun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir. Bu, Federasiyanın vitse-prezidenti Altay Həsənovla görüş zamanı xüsusi vurğulanmışdır.