DÜNYA
TÜRKMƏNİSTANDA ƏXLAQ QAYDALARINI POZANLARI TƏRBİYƏLƏNDİRMƏK ÜÇÜN UCQAR YERLƏRƏ KÖÇÜRƏCƏKLƏR
Türkmənistanda əhalisi sıx olan rayonların sakinlərinin, habelə etibarsız adamların ucqar bölgələrə köçürülməsi üzrə dövlət komissiyası yaradılmışdır.
Türkmənistan Prezidentinin imzaladığı qərara əsasən, komissiya “kənd təsərrüfatında işləmək istəyənlərin, xüsusən Daşoğuz və Ləbap vilayətlərindəki əhalisi sıx olan rayonların çoxuşaqlı ailələrindən olan gənclərin yerləşdirilməsini təmin etməlidir”.
Qərarda “əxlaqsız davranışı ilə cəmiyyətdə rahatlığı pozan, ölkə iqtisadiyyatının möhkəmləndirilməsində öz vətəndaşlıq borcunu yerinə yetirməyən, etimadı itirmiş və hamının töhmətləndirdiyi şəxslər”in köçürülməsi üçün də tədbirlər nəzərdə tutulmuşdur. Türkmənistan Prezidentinin qərarında deyilir: “Biz əcdadlarımızın müdrik ənənəsini bərpa edirik. Bu ənənəyə uyğun olaraq, belə adamlar əmək vasitəsilə yenidən tərbiyə edilmək üçün ucqar yerlərə köçürülürdü”.