TÜRKMƏNİSTAN ORDUSUNDA HƏRBİ RÜTBƏLƏRİN ADI DƏYİŞDİRİLƏCƏK
Türkmənistan Prezidenti Saparmurad Niyazov Aşqabadda Hərbi İnstitutun yeni binasının açılışında orduda aparılacaq islahatlar haqqında danışmışdır. O, Müdafiə Nazirliyinin rəhbərliyinə təklif etmişdir ki, əcdadlarımızın hərbi rütbələrinin orduda tətbiqi haqqında düşünmək lazımdır.
Prezident demişdir ki, əcdadlarımız qüdrətli hərbçilər olmuşlar və bu problemə daha məqsədyönlü yanaşmışlar. On nəfər əsgərə onbaşı, yüz nəfərə yüzbaşı, min nəfərə minbaşı, orduya isə qoşunbaşı rəhbərlik etmişdir.
Dövlət başçısının fikrincə, hərbi rütbələrin əvvəlki adının bərpa olunması əsgər və zabitlər arasında məsuliyyət hissini artıracaq.