CƏMİYYƏT
“TUSİ (2C)” inkubasiya proqramı çərçivəsində görülən işlərlə tanışlıq həyata keçirilib
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Gələcək üçün bacarıqlar” layihəsinin “TUSİ (2C)” inkubasiya proqramı çərçivəsində görülən işlərlə tanışlıq həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı “TUSİ (2C)” inkubasiya proqramının gedişatı ilə tanış olub, proqrama seçilən gənc ideya sahibləri ilə görüşüblər.
Bu barədə AZƏRTAC-a agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüş çərçivəsində Dövlət Agentliyi və ADNSU tərəfindən innovasiya sahəsində həyata keçirilən işlər, ölkəmizdə startap ekosisteminə dəstək tədbirləri haqqında geniş məlumat verilib. Sonra tələbələrlə açıq müzakirələr və fikir mübadiləsi aparılıb, həmçinin layihənin gedişatı barədə tələbələrin fikirləri dinlənilib.
“Gələcək üçün bacarıqlar” layihəsinin ikinci komponenti olan “TUSİ (2C)” inkubasiya proqramı hazırda ölkəmizdə dörd universitetində həyata keçirilir. Proqrama ADNSU-da 48 tələbəni əhatə etməklə aprelin 19-dan başlanılıb.
Xatırladaq ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsidir.