DÜNYA
Tacikistan-Əfqanıstan sərhədinin 80 faizinə “Taliban” nəzarət edir
Bakı, 22 iyul, AZƏRTAC
Əfqanıstanın Tacikistanla sərhədinin 80 faizinə “Taliban” hərəkatı nəzarət edir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsində olan mənbə məlumat verib.
“Taliblərin Tacikistanla sərhədin bütün perimetrinə nəzarət etmələrinə dair məlumatlar həqiqəti əks etdirmir. Onlar hazırda Tacikistanla sərhədin yalnız 80 faizinə nəzarət edə bilir”, - deyə mənbə bildirib.
Qeyd edək ki, 2020-ci ildə “Taliban” hərəkatı və Birləşmiş Ştatlar 18 ildən artıq davam edən müharibədən sonra Dohada ilk sülh müqaviləsi imzalayıb. Sazişin şərtlərinə əsasən, xarici ölkə qoşunları 14 ay ərzində ölkəni tərk etməlidir. Həmin ilin sentyabrında Qətərin paytaxtında Əfqanıstan hökuməti ilə “Taliban” arasında başlayan sülh danışıqları isə heç bir nəticə verməyib.
ABŞ və müttəfiqlərinin qoşunlarını Əfqanıstandan çıxarması fonunda aktivləşən “Taliban” hərəkatı ölkənin nəzarətini ələ keçirmək üçün irimiqyaslı hücum əməliyyatlarına başlayıb.