MƏDƏNİYYƏT
Tahir Əmiraslanov: İrəvan xanlığının bölgə mətbəxi haqqında kitab hazırlamışıq
Bakı, 26 yanvar, AZƏRTAC
İrəvan xanlığının bölgə mətbəxi haqqında kitab hazırlamışıq və həmin kitabda ermənilərin milli mətbəximizdən bəzi xörəkləri öz adlarına çıxardıqları da öz əksini tapıb. Bundan başqa, Bakı mətbəxində istifadə olunan xörəklərdən ibarət yeni kitab üzərində də işləyirik.
Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirib.
T.Əmiraslanov deyib ki, Gürcüstanda və Dərbənddə yaşayan soydaşlarımızın milli mətbəx nümunələri də maraq doğurur və onlar haqqında məlumatları toplamağa çalışırıq.
Direktor onu da qeyd edib ki, regionlarımızın mətbəxi bir-birinə yaxın olsa da, qohumluq əlaqələri nəticəsində bəzi nümunələrdə müəyyən qarışıqlıq halları var. Əlbəttə, bu da istər-istəməz həmin xörəklərin dadına da təsirsiz ötüşmür.