DÜNYA
Tailand hökuməti yoluxmaların çoxalması fonunda qapanma tətbiqi nəzərdən keçirir
Pekin, 8 iyul, AZƏRTAC
Tailandda pandemiya ilə mübarizə və qabaqlayıcı tədbirlərə baxmayaraq COVID-19 virusuna gündəlik yoluxmaların davamlı artması hökuməti qapanma rejiminin tətbiqini nəzərdən keçirməyə vadar edib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Baş nazir Prayut Çan-o-çanın göstərişi ilə iyulun 9-da operativ qərargahın təcili iclasında ölkədə epidemik vəziyyətin pisləşməsinin, xüsusən də virusun daha təhlükəli “delta” ştamının yayılmasının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin müzakirə olunacağı gözlənilir. Güman olunur ki, hökumət sərt karantin rejimi barədə qərar qəbul edəcək. Bura ötən ilin aprelində ölkədə pandemiyanın ilk dalğasında olduğu kimi, 2 həftə müddətinə müxtəlif qadağaların, o cümlədən şəhərlərarası səfər qadağasının, komendant saatının tətbiqi, habelə bəzi dövlət qurumlarının və özəl müəssisələrin əməkdaşlarının yerində fəaliyyətinin dayandırılması və s. daxildir.
Qeyd edək ki, Tailandda aprelin əvvəlindən etibarən sutkalıq yoluxma sayı davamlı çoxalır. Ötən sutka COVID-19 infeksiyasına 7 min 58 yoluxma aşkarlanıb, virus səbəbindən 75 ölüm qeydə alınıb. Bu pandemiya dövründə Tailandda qeydə alınan sutkalıq ən yüksək rəqəmdir. Virusun “delta” ştamı ölkədə sürətlə yayılır. Operativ qərargah yaxın günlərdə sutkalıq yoluxma sayının 10 mini ötəcəyini proqnozlaşdırıb. Hökumət bu səbəbdən mobil xəstəxanaların inşasına başlayıb. İlk belə xəstəxana paytaxtın beynəlxalq hava limanında quraşdırılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin