DÜNYA
Tailandda hərbi qulluqçunun açdığı atəş nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb
Bakı, 9 fevral, AZƏRTAC
Tailandda hərbi qulluqçunun odlu silahdan açdığı atəş nəticəsində 27 nəfər həlak olub, 57 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu rəqəmləri Tailandın Baş Naziri general Prayut Çan Oça ölkə televiziyalarının efirində canlı yayımlanan mətbuat konfransında açıqlayıb.
“Dəqiqləşdirilən məlumata görə, xüsusi təyinatlı döyüşçülər, mülki şəxslər və cinayətkarın özü də daxil olmaqla, 27 nəfər ölüb. Yaralanan 57 nəfərdən 25-i artıq xəstəxanadan evə buraxılıb”, - deyə Baş Nazir bildirib. Onun sözlərinə görə, cinayətin motivi əmlak sövdələşməsinə görə yaranmış şəxsi münaqişə olub. Ev satışında aldadıldığını başa düşən əsgər silaha əl atıb.
Atəş açan şəxsin Tailand ordusunun 32 yaşlı hərbi qulluqçusu Çakrapant Txomma olduğu müəyyənləşib. O, əvvəlcə hərbi hissədə öz komandirini və iki nəfəri güllələyib. Sonra hərbi avtomobili qaçıraraq gizlənib. Şəhərə doğru hərəkət edərkən yolda qarşısına çıxan dinc sakinləri atəşə tutub. Ticarət mərkəzinə girərək yenidən atəş açmağa başlayıb və 16 nəfəri girov götürüb.
Tailand polisi cinayətkarı ticarət mərkəzinin ərazisində zərərsizləşdirib və səkkiz girovu xilas edib.