REGİONLAR
Taksidə 4 kiloqramdan çox heroinlə saxlanıldı
Cəlilabad, 18 yanvar, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini Nurlan Zülfüqarov Cəlilabad rayon sakini Y.Nuruşovun idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanılaraq həmin avtomobillə birlikdə polis şöbəsinə gətirilib.
Cəlilabad Rayon Polis Şöbəsində avtomobilə keçirilən baxış zamanı oradan N.Zülfüqarova məxsus qara rəngli polietilen torbada ümumi çəkisi 4 kiloqram 115 qram olan heroin aşkar edilərək götürülüb.
Polis əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi digər bir əməliyyat tədbiri nəticəsində rayon sakini Qoşqar Qənbərli saxlanılıb. Onun yaşadığı evdən 1 kiloqram 365 qram heroin, əlavə olaraq qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.
Hər iki faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.