İQTİSADİYYAT
Taksilərlə bağlı çağrı sisteminin təkmilləşdirilməsi üçün hazırlanan proqram təminatı tezliklə istifadəyə veriləcək
Bakı, 11 iyun, Elvin Camalov, AZƏRTAC
Taksilərlə bağlı çağrı sisteminin təkmilləşdirilməsi məqsədilə hazırlanan proqram təminatı tezliklə müştərilərin istifadəsinə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 11-də XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi çərçivəsində keçirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) fəaliyyətinə dair "Avtomobil Nəqliyyatı - Yeni Tənzimləmə Konsepsiyası" mövzusunda keçirilən konfransda DANX-ın rəisi Həbib Həsənov deyib.
O bildirib ki, “London” taksiləri ilə göstərilən sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması üçün müəyyən işlərin görülməsi nəzərdə tutulur. Çağrı sisteminin təkmilləşdirilməsi məqsədilə proqram təminatı hazırlanır, tezliklə müştərilərin istifadəsinə veriləcək.
H.Həsənov qeyd edib ki, eyni zamanda, taksi sürücülərinin davranışlarında rast gəlinən bəzi xoşagəlməz halların tam aradan qaldırılması məqsədilə kompleks tədbirlər görüləcək. Bu tədbirlərə sürücülərin reytinqinin aparılması, reytinqi yüksək olan sürücülərə qarşı həvəsləndirmə tədbirlərinin görülməsi, müştəri məmnuniyyətinin qiymətləndirilməsi, sürücülərin fəaliyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və sair daxil olacaq.