ELM VƏ TƏHSİL
Tarix İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir.
Belə tədbirlərdən biri də Sofiyada görkəmli Avstriya tarixçisi, alim və yazıçı Erix Fayqlın bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı ilə əlaqədar olub.
Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, bunu elm müəssisəsinin direktoru, akademik Yaqub Mahmudov Bolqarıstan səfərindən danışarkən vurğulayıb.
Y.Mahmudov deyib: “10 ilə yaxındır ki, “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabı Azərbaycan tarixini dünyaya olduğu kimi, təhrifsiz çatdırır. Bu, Avropada Azərbaycan tarixini obyektiv əks etdirən ilk fundamental əsərdir. Kitabın əsas bölmələrindən biri Dağlıq Qarabağ münaqişəsinə həsr olunub. Nəşr Dövlət Təhlükəsizliyi Xidməti, Tarix İnstitutu və AZƏRTAC-ın birgə layihəsi əsasında işıq üzü görüb”.
Bundan başqa, tarixçi alimlər İradə Məmmədova və Arzu Məmmədova Türkiyənin paytaxtı Ankarada keçirilmiş “Türk dilində danışan ölkələr qurultayı”nda iştirak ediblər. Tədbirdə alimlərimizin “Azərbaycan və rus dillərindən türk dilinə tərcümədə hərbi termin məsələsi və xarici adların türk dilində yazılışı problemləri”, “Sovetlər Birliyində dil siyasəti və onun türk dilinin mövqeyinə və inkişafına təsiri (Azərbaycan nümunəsində)” mövzularında məruzələri dinlənilib. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi ilə keçirilən tədbirdə 50-dək ölkədən 320 alim iştirak edib.
Qeyd edək ki, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin (AGAAMC) Macarıstanın Pannonia və Polşanın Vistula universitetlərində təşkil etdiyi kitab sərgilərində əsasən Tarix İnstitutunun ingilis dilində olan nəşrləri (Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması”, “Azərbaycan: qısa dövlətçilik tarixi” kitabları və onun layihə rəhbəri olduğu İrəvan xanlığının tarixi ilə bağlı broşürlər) və Y.Mahmudovun baş məsləhətçisi olduğu “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filmi yer alıb və avropalı gənc alimlərin böyük marağına səbəb olub.