ELM VƏ TƏHSİL
Tarix İnstitutunun direktoru: Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik əlaqələri araşdırılmalıdır
Bakı, 11 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyətin (AXC) 100 illiyi ilə bağlı beynəlxalq konfranslar keçirəcək. Prezident İlham Əliyevin bu ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında 2018-ci il 10 yanvar tarixli Sərəncamı Tarix İnstitutu tərəfindən böyük razılıqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, bunu Tarix İnstitutunun elmi şurasının növbəti iclasında bu elm müəssisəsinin direktoru, akademik Yaqub Mahmudov söyləyib.
Y.Mahmudov qeyd edib ki, ulu öndər Heydər Əliyevin tapşırığına əsasən, Prezident İlham Əliyevin təşəbbüsü və qayğısı sayəsində Tarix İnstitutu ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap etdirib. Həmçinin institutda “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi” elmi tədqiqat şöbəsi fəaliyyət göstərir. Cümhuriyyət tarixinə həsr olunan namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi olub və bu iş davam etdirilir.
Bildirilib ki, Tarix İnstitutu tərəfindən 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Türkmənçay müqaviləsi (1828) və tarixi şəhərimiz olan İrəvanın Ermənistana verilməsi (1918) ilə bağlı tədbirlər təşkil ediləcək. Həmçinin “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” və “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzularında iki beynəlxalq konfrans keçiriləcək.
Akademik qeyd edib ki, AXC-nin bolşevik Rusiyası ilə münasibətləri lazımınca və olduğu kimi öyrənilməyib. Bu istiqamət, eləcə də cümhuriyyətin diplomatik əlaqələri, daxildəki islahatlar lazımınca tədqiq olunmalıdır.
Elmi şuranın qərarına əsasən, “Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri”, “Azərbaycan Xalq Cümhuriyyəti və 1918-1920-ci illərdə Şimali Qafqaz dövlətləri” (rusca), “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” (rusca), “Şəki bölgəsi (1917-1920-ci illər)”, “Azərbaycanın Zəngəzur bölgəsi 1917-1920-ci illərdə” və “Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)” kitabları çap olunacaq.