ELM VƏ TƏHSİL
Tarix İnstitutunun illik hesabatı təqdim olunub
Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iclasda bu elm müəssisəsinin illik hesabatı təqdim olunub.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, institutun elmi-tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. O deyib: “Tarix İnstitutunda aparılan tədqiqatlar Prezident İlham Əliyevin çağırışları və tapşırıqları əsasında həyata keçirilir”.
Diqqətə çatdırılıb ki, 2016-cı ildə Tarix İnstitutunda 49 adda yeni kitab çap olunub.
Qeyd edək ki, bu il “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (ispan və ərəb dillərində), “Real tarix və “böyük Ermənistan” uydurması” (ispan və rus dillərində), “Azərbaycan Respublikasının tarixi” ikicildliyi, “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları”, 4 adda İrəvan xanlığının tarixinə dair broşürlər - “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası”, “Çuxursəd hakimləri və İrəvan xanları” (Azərbaycan, rus və ingilis dillərində) və digər kitablar nəşr olunub.
Y.Mahmudov vurğulayıb ki, bu il Tarix İnstitutu “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində orta məktəblərdə Şah Təhmasib Səfəviyə, Tomrisə, I Şah Abbasa, Həsən Padşaha və Hacı Çələbi xana həsr olunmuş elmi-praktik konfranslar keçirməyi davam etdirib.
“Xocalı: soyqırımı tariximizin son faciəsi” mövzusunda elmi konfrans, Şamaxıda “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları” adlı III Beynəlxalq elmi konfrans, “İrəvanın maddi və mənəvi irsi” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı, görkəmli səfəvişünas alim Oqtay Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi sessiya və digər tədbirlər keçirilib.
Bildirilib ki, bu il Özbəkistanın görkəmli tədqiqatçı alimi Şuxrat Barlasa və Türkiyə Respublikasının Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı Derya Örsə Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.
Çıxış edən tarixçi alimlər Nərgiz Axundova, İradə Bağırova, Tofiq Mustafazadə, Həsən Əlibəyli, Cəbi Bəhramov, Qasım Hacıyev və başqaları Tarix İnstitutunun 2016-cı ildə gördüyü işləri yüksək dəyərləndiriblər.